Burada sizin reklamınız ola bilər


05 Avqust 2022 , 15:41

"Bülbülün həyətində gəzmək xoşbəxtlikdir" - İncəsənət xadimləri Şuşada


Şuşada Bülbülün ev muzeyinin həyətində Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları ilə görüşən mədəniyyət və incəsənət xadimləri təəssüratlarını bölüşüblər.

 

Primetime.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. 

 

“Azərbaycanfilm” kinostudiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Ayaz Salayev düşərgənin çox faydalı tədbir olduğunu bildirib: 

 

“Bu tədbir çox gözəl təşkil olunub, hər şey nəzərə alınıb. Təəccüblü və inanılmaz bir hissdir - bütün dünyadan azərbaycanlı gənclər Şuşaya qonaq gəlib. Mən burada Meksikadan, Almaniyadan, hətta Pakistandan olan gənclərlə tanış oldum. Bu tədbir sayəsində bu gənclər tarixi vətənlərinə daha sıx bağlanırlar. Onlar başqa ölkələrin vətəndaşları olsalar da, özlərini azərbaycanlı hesab edirlər. Bu fakt Azərbaycan diasporunun formalaşmasında mühüm rol oynayacaq. Bu düşərgənin Şuşada keçirilməsi rəmzi xarakter daşıyır və təqdirəlayiq haldır”.

 

Azərbaycanın Xalq artisti, kinoaktyor Şamil Süleymanlının fikrincə, istənilən tədbirin Şuşada keçirilməsi onun əhəmiyyətini daha da artırır: 

 

“Bu baxımdan Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondu tərəfindən xaricdə yaşayan gənclər üçün düşərgənin Şuşada təşkil olunması təqdirəlayiq haldır. Xaricdə yaşayan azərbaycanlı gənclərin Şuşada bir araya gəlməsi, burada onlara müxtəlif dərslərin keçirilməsi, tanınmış alimlərlə, mədəniyyət xadimləri ilə görüşlərin təşkil olunması, Azərbaycan mədəniyyətinin təbliğ olunması böyük işdir. Bu gənclər natiqlərə çox diqqətlə qulaq asırlar. Gözlərindəki sevinci - Şuşada olmaq sevincini görmək olur. Çünki Şuşanın küçələrində gəzmək, daşına-toprağına toxuna bilmək, böyük Bülbülün həyətində gəzmək, oradakı quyudan su içmək, Şuşada dərindən və doyunca nəfəs almaq... Bu, şans deyil, böyük xoşbəxtlikdir”.

 

 

Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Zöhrab Dadaşov da hesab edir ki, Diaspor Gənclərinin III Yay Düşərgəsinin mənəvi dəyəri çox böyükdür: 

 

“Bu düşərgə sayəsində xaricdə doğulub böyüyən və yaşayan gənclərdə Azərbaycan haqqında dolğun fikir formalaşır. Bu, mənim Şuşaya ilk gəlişimdir. Çox gözəl hisslər keçirirəm, təəssüratlarımı sözlə ifadə edə bilmirəm. Dünyanın müxtəlif ölkələrində yaşayan gənclərin də mənim kimi çox gözəl hisslər keçirdiyini düşünürəm. Mən də tədbir çərçvivəsində gənclərlə görüşdüm və görüşümüz çox maraqlı keçd. Onlar arasında rəssamlığa, incəsənətə meylli olanlar az deyildi. Azərbaycanın müasir incəsənəti, incəsənət tarixi barədə sual-cavab oldu, gənclərlə çox gözəl diskussiya alındı. Gənclərin həm davranışları, həm də verdiyi suallardan bəlli olur ki, onların düşərgəyə seçilməsi prosesi çox yaxşı təşkil olunub. Bir məqamı xüsusilə vurğulamaq istəyirəm ki, gənclərin əksəriyyəti ana dilimizdə çox səlis danışırdı. Bu sevindirici hal idi”.

 

Qeyd edək ki, Diaspor Gənclərinin III Yay Düşərgəsi Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 2022-ci ilin 2-8 avqust tarixlərində gerçəkləşdirilir.

SİZƏ MARAQLI OLA BİLƏR