Burada sizin reklamınız ola bilər

2022-ci ildə təhsil sahəsində yaşanan ilklər
29 Dekabr 2022 , 12:18

2022-ci ildə təhsil sahəsində yaşanan ilklər


Bu il təhsil sahəsində bəzi yeniliklərlə yadda qalıb, bir sıra ilklər yaşanıb.

 

Primetime.az həmin yenilikləri təqdim edir:

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Təhsil Nazirliyi Elm və Təhsil Nazirliyi adlandırılıb, AMEA-nın bir sıra qurumları Nazirliyin tabeliyinə verilib və Nazirliyin tabeliyində 2 yeni Agentliyin yaradılması nəzərdə tutulub.

 

İşğaldan azad edilmiş Zəngilan rayonunda Ağalı kənd məktəbi tədrisə başlayıb. 

 

İlk dəfə təhsilverənlərin sertifikatlaşdırılması keçirilib. İlkin mərhələdə prosesə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən regional təhsil idarələrinə tabe olan, həmçinin Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimləri cəlb olunublar. 11 211 nəfər imtahanda iştirak edib və onlardan 8 843-ü keçid balını toplayıb. Müsahibə mərhələsində 8 784 nəfər təhsilverən iştirak edib və onlardan 8 751-i uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub. Sertifikatlaşdırmadan keçmiş 3 127 təhsilverənin vəzifə maaşına 35 faiz, 5 624 təhsilverənə isə 10 faiz əlavə edilib.

 

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2022-ci ildə keçirilən müsabiqələr nəticəsində 15 prioritet ixtisas istiqaməti üzrə dünyanın 18 ölkəsinə aid 111 ali təhsil müəssisəsində 353 nəfər (80 nəfər bakalavriat, 273 nəfəri isə magistratura) təhsil almaq hüququ qazanıb.

 

Elm və Təhsil Nazirliyinə həvalə olunmuş məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul keçirilib və 20000-dən çox uşağın bağçalara qeydiyyatı aparılıb.

 

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçirilib. 

 

İlk dəfə olaraq STEAM festivalı beynəlxalq səviyyədə təşkil edilib. 

 

Elm və Təhsil Nazirliyinin tabeliyində 12 regional idarə yaradılıb və fəaliyyətə başlayıb.

 

İyunun 1-də Şuşada ilk respublika uşaq tədbiri keçirilib. 

 

İlk dəfə olaraq ölkəmizdə təhsil almaq istəyən əcnəbilərin qəbulu mərkəzləşdirilmiş qaydada portal.edu.az sistemi üzərindən (“SIA: CAS: Study in Azerbaijan Centralised E-Application Service”) həyata keçirilib. Bununla da əcnəbi vətəndaşlar üçün öz ölkələrindən müraciət, qəbul prosesinin asanlaşdırılması, müraciətlərini izləmə, təhsil haqqının onlayn ödənişi imkanı yaradılıb.

 

"ASAN xidmət" mərkəzlərində vətəndaşlara təhsil xidmətləri təqdim olunmağa başlanılıb. Bu xidmət həftənin bazar ertəsi – cümə günləri 5 və 7 saylı Bakı "ASAN xidmət", 2 saylı Sumqayıt, 1 saylı Gəncə, Ağcabədi, Tovuz, Masallı, Mingəçevir, İmişli və Şəki regional  "ASAN xidmət" mərkəzlərində həyata keçirilir.

 

İşğaldan azad olunmuş ərazilərdə  Elm və Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrinin tikintisi, bərpası və əsaslı təmiri işlərinə başlanılıb.

SİZƏ MARAQLI OLA BİLƏR