Pauerliftinq, stronqmen və güc idman növləri üzrə beynəlxalq dərəcəli idmançı, beşqat dünya, üçqat Avropa çempionu, bir çox beynəlxalq yarışların qalibi, Azərbaycan Respublikasının idman ustası, Professional Divizionda dünya rekordu qıraraq, çempion olan ilk azərbaycanlı, Azərbaycan Stronqmen Federasiyasının Streetlifting İdman Bölməsinin rəhbəri Rövşən Xəlilov öz şəxsi instagram səhifəsində sevincini paylaşıb:
"Gözləmədiyim anda gözəl bir xəbər. Bəli, illərimin – əziyyətimin nəticəsi. Dövlətini, bayrağını sevən insan üçün, Vətəninə xidmət edən hərbçi üçün ən yaddaqalan anlardan biri də işində uğur qazanması və rütbəsində olan yüksəlişdir. Bu gün mənim üçün yaddaşımda qalacaq ən önəmli gündür. Çünki FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi cənab general–mayor Etibar İsmayılov FHN-in müvafiq əmrini rəhbər tutaraq mənə növbəti baş leytenant rütbəsi üçün əmr verdi. Onu da qeyd edim ki, 2020-ci ildə Fövqəladə Hallar Naziri cənab general-polkovnik Kəmaləddin Həydərovun əmri ilə mənə leytenant hərbi rütbəsi təqdim olunub. Bu gün isə baş leytenant rütbəsi ilə mükafatlandırıldım.
Mənim üçün dəyərləndirilmək böyük qururdur. Başda cənab nazirimiz olmaqla, XRXX-nin rəisi Etibar İsmayılova, rəis müavinlərinə, komandir və komandir heyətinə təşəkkür edirəm. Hər kəsə minnətdarlığımı bildirirəm. Mən fəxr edirəm ki, Azərbaycan Respublikasına xidmət edirəm. Hörmətlə baş leytenant Xəlilov”.