Burada sizin reklamınız ola bilər

Uşaqlar niyə cizgi filmlərə həsrət qalıb? – SƏBƏB
13 Avqust 2019 , 11:33

Uşaqlar niyə cizgi filmlərə həsrət qalıb? – SƏBƏB


Son illərdə Azərbaycanda uşaq bədii və cizgi filmləri, animasiyalar çəkilmir yaxud gözə görünmür. Bu haqda dəfələrlə müzakirələr aparılıb, məsələ gündəmə gəlib. Lakin hələlik problem həll olunmamış qalır. Üstəlik, telekanallar köhnə, yerli uşaq filmlərini də çox az halda nümayiş etdirir.

 

Bu da məktəblilərin tətillərdə daha çox internet resurslarında vaxt keçirmələrinə və yaxud əcnəbi televiziya kanallarında yayımlanan, bir çox hallarda şiddəti, aqressiyanı aşılayan, bizim mental dəyərlərə, psixologiyamıza tamamilə yad olan film serialları izləməsinə gətirib çıxarır. Həmçinin uşaqlarımız yerli uşaq proqramlarına da demək olar ki, həsrət qalıb.

 

Məsələ ilə bağlı Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov Primetime.az-a danışarkən bildirib ki,  Sovetlər Birliyi dağıldıqdan sonra təkcə Azərbaycanda yox, tərkibində olan digər ölkələrdə də film sahəsində problemlər yarandı:

 

“Və böyük bir kadr itkiləri, boşluğu mövcud oldu. Bu, Azərbaycanda özünü animasiya, cizgi film sahəsində də göstərdi.  Yadınızdadırsa, bir neçə il əvvəl Mədəniyyət Nazirliyi müsabiqə elan etdi, istedadlı gənclər seçildi. Bundan sonra özəl studiyalarda çox gözəl animasiya, cizgi filmlər çəkildi. Məsələn, “3 dost” studiyasının bir sıra işləri olub. Tədricən bunun kimi studiyalar yaranmağa başladı. Artıq bu istiqamətdə bir çox mütəxəssislər var. Hazırda “Azanfilm” animasiya studiyasına Hollandiyada animasiya üzrə təhsil almış gənc animator Mənsur Şəfiyev rəhbərlik edir. Yəni gənclər arasındakı rəqabət bu prosesdə canlanmanın baş verməsi ilə nəticələnir. İnanıram ki, yaxın gələcəkdə bu, öz bəhrəsini verəcək”.

 

M.Hətəmov qeyd edib ki,  hazırda animasiya studiyasında iki layihə üzərində iş gedir:

 

“Çəkilişə hazırlıqlar davam edir. Özəl studiya nümayəndələrindən Rəşad Əfəndiyev və bir çoxları yeni layihələr üzərində işləyirlər. İki ay bundan əvvəl bildiyiniz kimi “Balaca Şahzadə” adlı animasiya filminin təqdimatı oldu. Bu işlər gedir, lakin daha da effektli olması üçün bir çox addımlar atmaq lazımdır. Düşünürəm ki, Mədəniyyət Nazirliyi bu istiqamətdə işlər görəcək”.

 

Müsahibimiz həmçinin Azərbaycanda cizgi filmlərə olan tələbatdan da söz açıb:

 

“Hazırda bu cür animasiyalara, cizgi filmlərə kifayət qədər ehtiyac var. Yadınızda saxlayın, janrından, üslubundan asılı olmayaraq yaxşı iş təqdim edirsinizsə, ona tələbat yaranır. Müasir dövrdə psixoloji zövqləri oxşayan işlərə ehtiyac çoxdur”.

 

Uşaq və Ailə Mərkəzinin rəhbəri, uşaq psixoloqu Kəmalə Baxış isə saytımıza açıqlamasında bildirib ki, Azərbaycanda milli cizgi filmlər, animasiyalar az olsa da, dünya filmlərini dilimizə tərcümə etmək olardı:

 

“Lakin düzgün tərcümələrə rast gələ bilmirik. Halbuki bu edilsə, təbii ki, cizgi filmlər uşaqların formalaşmasında rol oynaya bilər. Bütün cizgi filmlərində, animasiyalarda uşaqlar üçün örnək mesajlar olur. Cizgi filmlər nağıllar üzərindən çəkilirsə, deməli nəsə öyrədir. Gözəl olardı ki, televiziyalarımızda həmçinin uşaqlar üçün verilişlər də olsun. Həm belə verilişlərin az olması, həm də cizgi filmlərin olmaması uşaqların marağını başqa yerə yönəldir. Bunun üçün xüsusi şöbələr işləməli, mütəxəssislər təkliflərini irəli sürməlidirlər. Bəzən uşaq verilişlərinə rast gəlirəm, amma çox səviyyəsiz olur. Hətta olmasalar, yaxşı olardı”.

 

Psixoloq deyib ki, uşaqlar adətən nənələr, babalarla qaldığı üçün seriallara, bu təbəqəyə aid olan verilişlərə baxmalı olurlar:

 

“Məsləhət görərdim ki, valideynlər övladlarını nənə-babanın yanına qoymaqdansa, baxçaya aparsınlar.. Çünki orda seriallar, ümumiyyətlə, televiziyalar yoxdur. Bir mütəxəssis kimi deyə bilərəm ki, uşaqlar üçün televiziyanın təsiri çox pisdir. Əgər ügn ərzində 15-20 dəqiqəyə qədər maarifləndirici, öyrədici veriliş, cizgi film olsa, pis olmaz. Amma ümumiyyətlə, televiziya, internet, digər texnoloji alətlərdən istifadə uşaqlara zərər verir. Dəfələrlə bunu desək də, valideynlər anlamırlar. Uşaqların tərbiyəsində, bioloji formalaşmasında, psixologiyasında bu cür amillərin mənfi rolları var. Məsləhət versək də, heç kim riayət etmir”.

 

Günay Rəsulqızı

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR