“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC yeni mövsümün startına hazırlaşır.
Primetime.az xəbər verir ki, yeni mövsüm sentyabrın 11-dən başlayacaq. Həmin gün tamaşaçıları tam yeni müasir dekorasiyalarla, tam yeni formatda "Telesəhər", daha sonra "Günə davam" verilişləri salamlayacaq. Yeni layihələrə gəlincə isə, onların sayı hər 3 kanal üzrə 10-dan çoxdur. Bunlardan xüsusən "Kinoman" (AzTV), "Ordan-burdan" (AzTV) və dünyaşöhrətli intellektual yarışma "Money drop" (Düşən pullar) (AzTV) layihələrini qeyd etmək olar.
Həmçinin əlavə olaraq "Akustik" (Mədəniyyət TV), "Memarlıq" (Mədəniyyət TV), "Kitab TV" (Mədəniyyət TV), "Dəb" (Mədəniyyət TV), İngiltərə Premyer Liqası (İdman TV), "Kim sevirsə idmanı" (İdman TV), "Onları tanıyaq" və s. kimi yeni layihələrin adını çəkmək mümkündür. Eləcə də Azərbaycan Radiosu və Beynəlxalq Radio da yeni və daha maraqlı layihələrlə dinləyicilərin görüşünə gələcək.
Üstəlik, o da məlumdur ki, Beynəlxalq Radionun texniki imkanları artırılıb və faktiki yenidən qurulan bu radionun da yaxın gələcəkdə yayım keyfiyyətində ciddi fərq hiss olunacaq.