Burada sizin reklamınız ola bilər

Uşağı döymək çarədirmi? – Bu fəsadları törədə bilər
13 Avqust 2019 , 11:33

Uşağı döymək çarədirmi? – Bu fəsadları törədə bilər


Fransa parlamenti uşaqların fiziki cəzalandırılmasını qadağan edən qanun qəbul edib və bu cür qanunu qəbul edən 56-cı dövlət olub. Yeni qanuna əsasən, uşaqlara fiziki təzyiq göstərməklə yanaşı, onları danlamaq, alçaltmaq və ələ salmaq qadağan edilir. Qanun qəbul olunduqdan sonra uşaqlara fiziki təzyiq faktı Cinayət Məcəlləsinə əsasən məsuliyyətə cəlb ediləcək.

 

Təəssüf ki, bu gün eyni hal, yəni, uşaqlara fiziki zorakılığın tətbiq edilməsi, döyülməsi, söyülməsi Azərbaycanda da mövcuddur. “Tərbiyə etmək” adı altında balacaların döyülməsi, fiziki cəzalara məruz qalması, söz demək hüquqlarının pozulması uşaqların normal inkişafını zərbə altına qoyur. Körpə ikən uşağa gülərək söyüş söyməyi öyrədən valideyn, böyüdükdə nalayiq söz işlətdiyi üçün onu döyməklə cəzalandırır…

 

Bəs döymək – tərbiyə üsuludurmu?

 

Mövzu ilə bağlı tanınmış pediatr Vaqif Qarayev Primetime.az-a danışarkən uşaqlara tətbiq edilən fiziki zorakılığın əleyhinə olduğunu bildirib:

 

“Mirzə Ələkbər Sabirin çox məşhur ifadəsi var idi: “Atası uşağı mollaxanaya aparanda “əti sənin, sümüyü mənim” deyib mollaya təslim etdi”. Yəni, hələ o dövr üçün qəbulolunmaz bir şey idi. Söhbət təhsil müəssisələrindən getmir. Bilirsiniz, indi psixoloqların qanadlı bir ifadəsi var – Valideynlərə müraciət edərək “Əgər uşağınız nadincdirsə, şuluqdursa, sözəbaxan deyilsə, tərbiyəni özünüzdən başlayın” deyirlər. Ümumiyyətlə, “indiki uşaqlar”ın tərifini hələ ki verə bilmirik. Çox paradoksal davranışları, xarakterləri var. Həm ağıllıdırlar, həm də çox aqressivdirlər, həm istənilən nəsnə ilə maraqlanırlar, amma çox impulsivdirlər və s. Məsələn, mənim təcrübəm imkan verir ki, 30 il bundan qabaqkı uşaqlarla indikiləri müqayisə edim. Bütün mənalarda, bütün aspektlərdə o dövrün uşaqları ilə indikilər arasında yerlə göy qədər fərq var. İstər valideynin dediklərinə tabe olması, istər məktəbdə müəllimin dediklərini dinləməsi, istər evdə, ictimai yerdə davranışı və s. istiqamətlərdə kifayət qədər fərqlər mövcuddur. Ona görə sırf azərbaycanlı düşüncəsi ilə yanaşsaq, alınmayacaq. Nə qədər analar ağlayırlar ki, nə edirəmsə, uşaq düzəlmir. Çünki valideynlər uşaqlarına aqressiv yanaşırlar. Və indiki uşaqlar aqressiyanı sevmirlər. O cür münasibətə aqressiya ilə də cavab verirlər. Bununla bağlı hazır resept yazmaq düzgün deyil. Az qala hər gün valideynlər müraciət edirlər ki, uşağa bir dərman yazın, əsəbiliyi keçsin. Səbəbini soruşanda tutaq ki, “bir şey istəyir, onu almamış əl çəkmir” deyirlər. Bunu uşağa izah etmək lazımdır ki, biz filan şeyi indi ala bilərik, yoxsa yox. Yaxud faydası, ziyanı nədir. Valideynlər uşaqları ilə danışmaq istəmirlər. Başa düşürəm, səbr çatmır. Amma hər irili-xırdalı şeyə görə həkimə gedib “buna dərman yazın” demək olmaz. Məsələn, “gecə gec yatır” deyib müraciət edənlər olur. “Televizora baxır” səbəbini irəli sürür və məlum olur ki, valideyn də həmin zaman televizora baxırmış. Belə olan halda uşaq da təbii ki, yatmayacaq. Siz yatın ki, uşaq da yatsın. O ki qaldı, uşaqlara tətbiq edilən fiziki zorakılığa, mən bunun əleyhinəyəm. İnsan kimi də, valideyn kimi də, həkim kimi də… Fiziki zorakılıq ümumiyyətlə, qəbulolunmazdır. Bu, tərbiyə vasitəsi deyil. İndiki zamanda heç cür qəbul olunmur. Məsələn, Fransada övladlarına qarşı fiziki zorakılıq edən, döyən valideynlərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı qərar indi qəbul olunsa da, ABŞ-da bu qərar lap çoxdan var idi. Düşüncəsi imkan verən uşaq gedib valideyndən fiziki zorakılıqla bağlı şikayət edirsə, onu cinayət məsuliyyətinə cəlb edirlər. Mən bunu 20 il qabaq oxuyanda qəribə gəlmişdi ki, valideyni necə şikayət etmək, tutmaq olar. Bu, bizdə adi bir haldır axı. Görürsünüz, uşaq hüquqlarına böyük önəm verilir. Bizdə uşaq hüquqları ilə məşğul olan qeyri-hökumət təşkilarları, dövlət qurumları var. Bəs niyə uşaqlar hüquqsuzdur? Nə üçün qorunmur və ya maarifləndirici təlimlər aparılmır?”.

 

V.Qarayev bildirib ki, ara-sıra mətbuat orqanlarında məktəblərdə döyülən uşaqlarla bağlı məlumatlar oxuyuruq və bu da qətiyyən düzgün deyil:

 

“Nadinc , çətin tərbiyə olunan uşaqlar var. Əgər valideyn bunu tərbiyə edə bilmirsə, məsuliyyəti bütünlüklə məktəbin üzərinə də atmaq olmaz. Düşünürəm ki, valideynin məsuliyyət payı daha böyükdür. Çünki uşaq günün əksər hissəsini valdeynin yanında keçirir, məktəbdə 4-5 saat olur. Bir neçə il bundan öncə “məktəbdə müəllim uşağı döyə bilər, yoxsa yox” kimi müzakirələr gedirdi. Maraqlıdır ki, tanınmış jurnalistlərin əksəriyyəti eyni ifadə işlətdi ki, “bizi döyə-döyə böyüdüblər”. Bu nədir? Sən informasiya verənsən. Sən əgər fiziki zorakılığı təbliğ edirsənsə, onda mən yanıma gələn sadə insanlara nə deyim? Olmaz! Belə bir deyim var – Pis nümunə yoluxucu olur. Fərqi yoxdur bu, real həyatda da, virtualda da belədir. Pisə tez yoluxmaq, pisi tez öyrənmək uşaq psixologiyasında var. Uşaqlar pisə daha çox meyllidirlər. Valideynin də borcu odur ki, pisi başa salsın, yaxşını öyrətsin. Lakin Azərbaycanda maraqlıdır ki, böyük insanlar da pisə çox meyllidirlər. Virtual həyat da cəmiyyətin güzgüsüdür. Baxırsan ki, ancaq pisdən danışırlar. Təəssüf ki, xüsusən atalar övladlarına fiziki zorakılıq tətbiq edirlər. Ana ürəyi təbii, yumşaqdır, istəmir. Düzdür, uşaq atanın da balasıdır, amma mən elə həkim otağında nə qədər aqressiv atalar görürəm. Tutaq ki, uşaq həkimə tabe olmur, qışqırır, az qala yanımda vurur. Atalarda klassik düşüncə hələ də qalıb. Yəni, “vura bilərəm, döyə bilərəm” kimi fikirlər…Bunun altından qırmızı xətt çəkərək deyirəm, qız uşaqlarına ümumiyyətlə, əl qaldırmaq olmaz. Ailədə də, məktəbdə də – heç yerdə. Oğlana nə var, döyüldü, həyətə düşəcək, dostunun-yoldaşının yanında yadından çıxacaq. Amma qızlar bunu içində saxlayır. Və sonra da həmin qızlar böyüyür, ərə gedir, həyat yoldaşından da eyni zorakılığı görür. Bu qız ailəsində fiziki zorakılığa müqavimət göstərə bilmədiyi üçün getdiyi yerdə də yaşadığı şeyləri görür. Düzgün qurulmayan tərbiyə və ya uşaqlıqdan göstərilən fiziki zorakılığın sonunun necə olduğunu görürsünüz. Bunlar bir-birinə bağlıdır. Ona görə də uşaqlar, xüsusilə qızlar ilkin sevgini ailədə valideynindən görməlidirlər. Qız uşaqları atalarından ilıq münasibət görməlidir ki, sonra yaşayacağı kişidən öz haqqını tələb edə bilsinlər”.

 

Pediatr döyülən uşaqların psixologiyasından da söz açıb:

 

“Bir vaxtlar uşaq evində döyülən uşaqların psixologiyası ilə çox maraqlanırdım. Onlar valideyndən məhrumdurlar. Uşaq evindəki tərbiyəçi, müəllim pedagokikaya dərindən bələd olsa da, doğma ata-ananı əvəz edə bilmir. Onların gözlərində mütləq bir kədər var – ya çox, ya az. Valideyn qayğısından məhrumdurlar, həm də aqressiya görürlər. Burda ortaq yol olmur. Yəni uşaqlar böyüyəndən sonra ya son dərəcə aqressiv olurlar ya da əksinə son dərəcə yumşaq olurlar. Aqressiya görən uşaq böyüyəndən sonra düşünür ki, döyülmək, söyülmək pisdir və ətrafa qarşı mehriban olur. Lakin bu cür uşaqlar çox azdır. Əksəriyyət daha aqressiv olurlar. Hətta mən deyərdim, manyak olurlar. Qız uşaqlarında çox danışmaq olar. Oğlanlarda da elədir. Bizdə fikir verin, daha çox “qadın psixologiya”lı oğlanlar böyüyür. Çünki evdə tərbiyə edən ana qadındır, bağçada müəllim qadındır, məktəbdə kişi müəllimlər demək olar yoxdur. “Sən həm deyirsən məktəbdə zorakılıq olmaz, həm də deyirsən kişi zabitəsi lazımdır” kimi fikirlər ola bilər. Ancaq düşünürəm ki, məktəblərdə kişi müəllimlər olmalıdır. Məsələn, bağçada müəllimlərin ancaq kişi olduğu ölkələr var. Görün bizdə bağçada işləmək istəyən kişi tapılacaq? Kişi psixologiyası, kişi zabitəsi önəmlidir. Amma bu o demək deyil ki, sən uşağı kobud dildə desək,  basıb döyməlisən. Bəzən ictimai yerlərdə də görürəm, atalar nadinc uşaqlarını döyürlər. Qətiyyən doğru deyil. Çünki onun özünü elə tərbiyə ediblər. Bu məsələ aldığın təhsildən asılı deyil. Ən yaxşı təhsil ala bilərsən, amma uşaqlıq xatirələri, xüsusilə zorakılıq yaddan çıxmır. Kimi danışdırsan, deyəcək ki, məni atam döymüşdü. Qorxu ilə nəsə olmur. Qorxu çəkilən kimi uşaq imkan tapıb yenə də həmin hərəkəti edir. Yəni anlamasa, mütləq edəcək. Uşağı qorxu ilə böyüdüb sonra da deyirik ki, gənclər düşünə bilmir, etiraz edə bilmir və s. Ən ağrılı yerimiz isə həmin uşaqların (xüsusilə qızların) şəxsi həyatında müstəqil ola bilməməsidir. Fiziki zorakılıq əslində bütün cəmiyyətlərdə var. Fransada bu qərarı qəbul edirlərsə, deməli problem böyükdür”.

 

Günay Rəsulqızı

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR