Burada sizin reklamınız ola bilər

Yeni nəsil niyə cılızlaşır? – SƏBƏB
13 Avqust 2019 , 11:33

Yeni nəsil niyə cılızlaşır? – SƏBƏB


Son illər dünyada hündürboylu, qamətli insanların sayı azalır. Azərbaycanda da eyni vəziyyət müşahidə olunur. On il öncə 18 yaşına çatan gənclər, xüsusən onuncu-on birinci sinifdə təhsil alan oğlanlar qəddi-qamətli, ucaboy idilər. Amma bu gün onuncu-on birinci sinifdə təhsil alan oğlanlar haqda bunları söyləmək mümkün deyil. Tələbə ilə məktəblini bir-birindən fərqləndirmək çətindir. Üstəlik bu hal təkcə şəhərlərdə deyil, rayonlarda, dağ kəndlərində də təsadüf olunur. Halbuki, belə yerlər təmiz hava, təbii qidalar hündürboy, qamətli insanlar yetişdirirdi.

 

Bununla bağlı sosioloq alim Əhməd Qəşəmoğlu Primetime.az-a bildirib ki, problem kifayət qədər ciddidir:

 

“Mən də diqqət yetirmişəm. Məsələn, şagirdlər, tələbələr arasında fiziki inkişaf etməmiş yeniyetmələrimiz çoxalır. Eyni zamanda müəyyən vaxtlarda ordu hissələrində zabitlər üçün mühazirələr oxumuşam və onlarla söhbətlərimiz olub. Zabitlər özləri də həyəcanlanır ki, əsgərliyə gələnlərin əksəriyyəti cılız halda olurlar və onları fiziki olaraq yetişdirməyə, əsgər kimi formalaşdırmağa uzun müddət lazım olur. Bu, günün reallığıdır və ciddi problemdir. Bunun əsas səbəbləri nələrdir? Öncə Azərbaycan xalqının qida mədəniyyətini, sağlamlığını vurğulamaq lazımdır. Biz sağlamlıq mədəniyyəti barədə çox az təsəvvürə sahibik. İnsanların çoxu elə bilir ki, əsas iş “əlinə nə keçdi” yeyib qarnını doldurmaq, tez-tez yeməkdir. 20-ci əsr boyu insanların həyatı ağır olub, hər zaman doyunca yemək mümkün olmayıb. Təkcə yeməklə insan çox uzun yaşamır. Statistikaya əsasən deyə bilərəm ki, ölüm düşərgəsində olub 90-100 il yaşayanlar var, yaxud aclıq illərindən keçib yenə uzun müddət yaşayıblar. Yəni aclıq insanın sağlamlığı üçün böyük bəlalara səbəb olmur. İndi o qədər cavan adamlar var ki, erkən dünyasını dəyişirlər”.

 

Ə.Qəşəmoğlu qeyd edib ki, valideynlər hələ uşaq dünyaya gəlməmişdən öncə öz qidalarına fikir verməlidirlər:

 

“Necə ki, torpaq əkin üçün hazırlanır, ata-ananın orqanizminin də yeni dünyaya gələn uşaq üçün hazırlanmağı yaxşı olardı. Əvvəlki vaxtlarda fiziki işlər var idi, insanların yedikləri, istifadə etdikləri məhsullar indiki kimi genləri qarışmış, qarışıq deyildi. Qidanın bu cür arzuolunmaz hala gəlməsi böyük problem yaradır. Bu baxımdan çalışmamalıyıq ki, çoxlu şeylər yeyək. Əksinə az, lakin kənd təsərrüfatının təmiz qidalarından yeməyə çalışmalıyıq. O cümlədən, dövlət də satış şəbəkələrində qida təhlükəsizliyinin qorunmasında maraqlı olmalıdır. Azərbaycanın özündə yetişən məhsullara daha çox diqqət yetirməliyik. Əhalini təmin etmək üçün meyvə-tərəvəzin yetişməsinə şərait yaratmalıyıq. Ümumən əhalinin qidalanması istiqamətində problemlərin yaranmaması üçün balans qorunmalıdır. Digər tərəfdən indiki vaxtda uşaqlar təəssüf ki, ana südü ilə qidalanmırlar. Bu istiqamətdə elmi tədqiqatlar olmalıdır. Yəni, necə edək ki, analar uşaqlarını ana südü ilə böyütsün… İslam dinində də, elə tibbdə də məsləhət görülür ki, uşağa 2 il süd verilməsi məsləhətdir. Bizdə isə əksinədir. Uşaqlara hansısa ölkədən gələn, şübhəli qidalar verilir. Eyni zamanda uşaqlar rejimsiz, həddindən çox qidalanır. Normal olmayan qidalanmaq da uşaqların böyümə ərəfəsində başına oyun açır. Mədə-bağırsaq xəstəliyi və digər xəstəliklər yaranır və bütün bu amillər insanların cılızlaşmasına səbəb olur. Bu gün meyvə-tərəvəzin keyfiyyəti arzuolunan şəkildə deyil”.

 

Sosioloq bildirib ki, qeyd edilən məsələ ilə bağlı əsas problemlərdən biri də idmandır:

 

“Şəxsən mən kənd məktəbində oxusam belə, idman dərsləri yaxşı tədris olunurdu. Və idmanla bağlı təsəvvürlərimiz də yaxşı idi. Səhər bütün radiolarda səhər gimnastikası üçün 10 dəqiqəlik musiqi verilirdi, təlimlər keçirilirdi, insanların əksəriyyəti səhər 6-da oyanıb idman edirdilər. Gəzintilər, təbiət qoynunda olmaq və s. bunlara önəm verirdik. İndi isə uşaqların çoxunun həyatı kompüter qabağında, texnoloji vasitələrlə keçir. Yekun olaraq bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanda sağlamlıq mədəniyyətini yüksəltməyə ehtiyac var. Bunun üçün xüsusi fəaliyyət planı hazırlanmalı və həyata keçirilməlidir”.

 

Günay Rəsulqızı

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR