Burada sizin reklamınız ola bilər

Bakıda bəzi restoranlarda BİABIRÇILIQ – Turistə başqa, bizə başqa…
13 Avqust 2019 , 11:33

Bakıda bəzi restoranlarda BİABIRÇILIQ – Turistə başqa, bizə başqa…


Azərbaycanda bəzi restoranlarda ikili menyu tətbiq edilir. Belə ki, yerli vətəndaşlar üçün başqa, turistlər üçün isə bir başqa menyu hazırlanır. Təbii, yerli əhali qismən də olsa, qiymətlərə bələddirlər. Lakin turistlər çox zaman bilgisiz olduğundan onları aldatmaq da asan olur. Bundan istifadə edən sahibkarlar isə elə də az deyil.

 

Mövzu ilə bağlı Otellər və Restoranlar Assosasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi Primetime.az-a danışarkən qeyd edib ki, bu istiqamətdə müəyyən söz-söhbətlər gəzir:

 

“Düzdür, hansısa konkret bir obyektin adını çəkə bilmərəm. Amma necə deyərlər, od olmayan yerdən tüstü də çıxmaz. Yəni bazarda belə şeylər baş verir. Restoranlar ikili menyu tətbiq edirlər. Yerli vətəndaşlara bir menyu, turistlərə isə başqa menyu. Nəticədə istehlakçının hüquqları pozulur. Təbii ki, bu cür halları qətiyyətlə pisləyirik. O ki qaldı, bu problemin qarşısını necə almaq olar və ya tənzimləmək olar. Restoranlarda monitorinqlər aparılmalı, o cümlədən gizli qonaq vasitəsilə yoxlanılmalıdır. Belə hallar aşkar olunanda dövlət tərəfindən cərimələrin, yaxud qanunvericilikdə digər hansısa qaydaların tətbiq olunması mümkündür”.

 

S.Dübəndi həmçinin vurğulayıb ki, müştərilər də məsələyə məsuliyyətlə yanaşmalıdırlar:

 

“Gərək belə hallar aşkar olunaraq ictimailəşdirilsin, restoran haqqında məlumatlar yayılsın. Yaxud ictimai təşkilatlara, müvafiq qurumlara müraciət etsinlər. Təbii, bu cür ictimai nəzarət yolu ilə məsələyə təsir etmək olar”.

 

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov isə mövzu ilə bağlı danışarkən qeyd edib ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu işlərlə məşğul olmalıdır:

 

“Bir söz soruşanda bazar iqtisadiyyatını bəhanə edirlər. Bu, başqa bazardır. İlk növbədə deməliyəm ki, restoran sahibləri ölkəmizə çox ziyan vururlar. Turistlərdə fikir yaranır ki, Azərbaycanda restoranlar bahadır və sonradan otellərin, üstəlik hava yollarının qiymətlərinə görə başqa ölkələrə üz tuturlar. Bu barədə maarifləndirmə işləri aparılmalıdır. İstər saytlarda, istərsə də digər kütləvi informasiya vasitələrində… Dəfələrlə bu barədə danışırıq. Demək, bununla ciddi məşğul olmaq lazımdır. Restoranlara qarşı müəyyən tədbirlər görülməli, belə hallar aradan qaldırılmalıdır. Eyni zamanda ictimaiyyətə ətraflı məlumat verilməlidir”.

 

Günay Rəsulqızı

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR