Burada sizin reklamınız ola bilər

Rasim Balayev: “5 filmə yoxlanmışdım, rejissorlar demişdilər ki, üzüm ekrana düşmür” – FOTOLAR
13 Avqust 2019 , 11:33

Rasim Balayev: “5 filmə yoxlanmışdım, rejissorlar demişdilər ki, üzüm ekrana düşmür” – FOTOLAR


Ötən gün  Bakı Kitab Mərkəzində xalq artisti Rasim Balayevlə görüş keçirilib.

 

Primetime.az xəbər verir ki, aktyor yığıncaqda pərəstişkarları ilə ünsiyyətdə olub, onların suallarını cavablandırıb. R.Balayev, əvvəlcə görüşə gələn hər kəsə təşəkkürünü bildirib, Prezident İlham Əliyevin sərəncamı ilə bu ilin “Nəsimi ili” elan olunması barədə danışıb.

 

Bundan əlavə, kino ulduzu məşhur “Nəsimi” filminə çəkilməsindən söhbət açıb:

 

“Nəsimini əvvəllər tanımırdılar. Orta məktəbdə çox az sayda şeir və qəzəllərini şagirdlərə təqdim edirdilər. Nizami, Füzulini daha geniş tanıyırdıq, nəinki Nəsimini… YUNESKO-da ulu öndərin iştirakı ilə Nəsiminin yubileyi keçirildi. Çoxlu tədbirlər oldu və bu yığıncaqda rəssamlar öz fotolarını təqdim etdilər, kitablar işıq üzü gördü və s. Nəhayət ki, “Nəsimi” filmi çəkildi. Deyilənə görə, uğurlu alınıb.  Bu mənlik deyil, kollektivin uğurlu işindən irəli gəlir. Mən də onlardan biriyəm, özümü xoşbəxt sayıram. Mən 5 filmə yoxlanmışdım, rejissorlar demişdilər ki, üzüm ekrana düşmür. Eşitmişdim ki, “Nəsimi” filmində məşhur və təcrübəli aktyorları çəkəcəklər. Mənim üçün ağlasığmaz bir şey oldu. Filmdə rol almağımı təsdiq etdilər. Əvvəlcə, inanmadım, qorxmağa başladım. Fikirləşdim ki, kinoda epizodik bir obraz olsaydı, oynayardım, zəif alınsa da, gözə çarpmayacaqdı. Ya bu rolun üstündən gəlib uğur qazanacaqdım, ya da özümə başqa sənət tapacaqdım. Bəlkə də,özümə başqa sənət tapsaydım, daha yaxşı olardı (gülür). Dediyim odur ki, o vaxtlar aktyorların arzusu idi. Amma Nəsimini oynamaq mənim  qismətimə düşdü. Neçə ildir ki, bu film yayımlanır, hələ də baxılır. Bu kinodan sonra xeyli valideynlər oğlanlarının adını “Nəsimi” qoydular. Üstündən illər keçdi, keçən il 3 gün Nəsimi poeziyası günləri oldu. Bu il isə prezidentimiz “Nəsimi ili” elan etdi. Bir daha Nəsimin təbliği başlandı”.

 

Qeyd edək ki, tədbirə Xalq artistləri Fəxrəddin Manafov və Mehriban Zəki də qatılıb.

 

Foto: Ramin Aslanov

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR